Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim
Dişlərinizə Doğru Qulluq Edirsinizmi?
21.05.2025

Dişlərinizə Doğru Qulluq Edirsinizmi?

Ağız və Diş Sağlamlığı

Xarici mühitə açıq və qida ilə daim təmasda olduğuna görə ağıziçi mikroorqanizmlərin böyüməsi üçün çox əlverişli mühitdir. Buna görə də ağız və diş qulluğunun mütəmadi və düzgün aparılması vacibdir. Belə olmadığı təqdirdə toxumalarda və dişlərdə xəstəliklər yaranar və bu da ciddi sağlamlıq problemlərinə gətirib çıxarar. Sağlam dişlərə sahib olmaq üçün uşaqlıqdan etibarən dişlərə qulluq etmək lazımdır. Lakin cəmiyyətdə, "süd dişləri müəyyən vaxtdan sonra tökülür və buna görə də onların qulluğa ehtiyacı yoxdur" kimi yanlış fikir mövcuddur. Halbuki uşaqlıq dövründə (xüsusilə də süd dişlərinin olduğu vaxt) ağız və diş qulluğuna kifayət qədər diqqət yetirilməməsi, süd dişlərinin çürüməsinə və vaxtından əvvəl tökülməsinə səbəb olur. Bu isə qalıcı dişlərin sağlamlığına mənfi təsir göstərir. Buna görə də valideynlər uşaqlıqdan övladlarına diş təmizləmə vərdişini aşılamağa çalışmalıdırlar.

DİŞLƏRƏ QULLUQ QAYDALARI

Mütəxəssislərin sözlərinə görə, ağızdakı bakteriyalar hər 12 saatdan bir çoxaldığı üçün dişlər gün ərzində ən azı 2 dəfə fırçalanmalı, yeməkdən sonra isə antiseptik ağız yaxalayıcıları ilə qarqara edilməlidir. Belə olan halda qida qalıqları dişlərdə ilişib qalmır. Bununla yanaşı, qəbul etdiyimiz qidalara da diqqət yetirmək lazımdır. Qoz-fındıq kimi çərəzləri dişlə sındırmaq olmaz, çünki bu dişlərə zərər verə bilər. Tərkibi kalsium və C vitamini ilə zəngin olan meyvə-tərəvəz yemək məsləhətdir. Meyvə və tərəvəz yeməmək, siqaret çəkmək, şəkərli qida və içkilərə üstünlük vermək ürək-damar xəstəlikləri, böyrək və qaraciyər problemləri ilə yanaşı, ağız sağlamlığına da mənfi təsir göstərir. Meyvə və tərəvəzdəki vitaminlər diş və diş ətləri üçün çox vacibdir. Xüsusilə rəngli meyvə-tərəvəz istehlakını artırmaqla dişlərin təbii sağlamlığını və təmizliyini təmin edə bilərsiniz. Çiyələk və ananas diş və diş ətinə faydalıdır. Onların tərkibindəki müxtəlif turşular dişlərin təmizliyini təmin edir və kariesin əmələ gəlmə riskini azaldır. C vitamini çatışmazlığı isə diş ətini zəiflədir. C vitamini ilə zəngin olan kivi istehlakı bu problemin qarşısını alır. Bundan əlavə, portağal, qovun, qırmızı bibər, brokkoli, ispanaq kimi yaşıl və rəngli tərəvəzlər də C vitamini ilə zəngindir. Eyni zamanda qəhvə istehlakı dişlərin saralmasına səbəb olur. Ona görə də qəhvə istehlakını minimuma endirmək faydalıdır.

DİŞLƏRİ FIRÇALAMA QAYDALARI

Diş sağlamlığı üçün ən vacib şərtlərdən biri də düzgün diş fırçalama qaydasıdır. Belə ki, hər şeydən əvvəl diş fırçasını düzgün seçməlisiniz. Bu, nə çox sərt, nə də çox yumşaq olmalıdır. Çox sərt fırçalar dişlərə zərər verə bilər. Dişləri çox sərt fırçalamaq dişin mina qatını zədələyə və altındakı sarı təbəqənin üzə çıxmasına səbəb ola bilər. Belə halda dişlər daha sarı görünür. Ümumiyyətlə, mütəxəssislər dişlərin ən azı iki dəqiqə ərzində və ehtiyatla fırçalanmasını tövsiyə edirlər. Dişlərinizi dairəvi hərəkətlərlə fırçalayaraq bütün hissələrin, xüsusilə də arxa dişlərin təmizləndiyindən əmin olmalısınız. Dişləri təmizlədikdən sonra diş fırçasını açıq şəkildə saxlamaq məsləhət deyil, çünki gün ərzində bakteriyalar fırçaya yapışa bilər. Diş fırçasını 3 aydan bir dəyişmək, 6 aydan bir isə həkim müayinəsindən keçmək tövsiyə olunur. Diş fırçası ilə yanaşı, diş ipindən də istifadə etmək ağız təmizliyində çox faydalıdır. Diş ipi dişlər arasında qalan qida qalıqlarını asanlıqla təmizləyir. Dişləri sıx olan insanlar gecə yatmazdan əvvəl mütləq diş ipindən istifadə etməlidirlər.

DİŞ DAŞLARI VƏ KARİESİN YARANMA SƏBƏBLƏRİ

Dişlərin düzgün təmizlənməməsi diş daşları və kariesin yaranmasına gətirib çıxarır. Diş daşları qida qalıqlarının vaxtında təmizlənməməsi nəticəsində əmələ gəlir. Bu da dişlərin dibində sarımtıl görüntü yaradır. Diş daşlarından əlavə, düzgün qulluq edilmədikdə dişlərdə karies əmələ gəlir. Karies immun sisteminin zəifliyi, qeyri-rasional qidalanma, vitamin və flüor çatışmazlığı, süd dişlərinin vaxtında müalicə olunmaması və s. səbəblərdən yaranır. Həddindən artıq şirniyyat qəbulu da kariesin əsas yaranma səbəblərindən biridir. Həkimlər şirniyyat qəbulundan sonra dişləri təmizləmək üçün sərt qida (alma, xiyar və s.) yeməyi məsləhət görürlər. Vaxtında müalicə olunmayan karies ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Ağızda bakteriyaların ən çox yayıldığı yerlərdən biri də dildir. Buna görə dil təmizliyi də diş təmizliyi qədər vacibdir. Bunun üçün diş fırçasının arxa hissəsindən və antiseptik ağız yaxalayıcılarından istifadə etmək olar.

Dişlərin süni yolla ağardılması uzun müddətdə dişlərin mina qatını zədələyərək onların daha tez qırılmasına gətirib çıxara bilər. Buna görə də dişlərə qulluq uşaqlıqdan etibarən düzgün şəkildə aparılmalı və sağlamlığa zərər vermədən həyata keçirilməlidir. Uşaqlıq dövründən etibarən düzgün ağız və diş qulluğu prinsiplərini tətbiq etməklə diş sağlamlığını qorumaq və diş çürüməsinin qarşısını almaq mümkündür. Uşaqlarda diş fırçasından istifadə etməyə 1 yaşından sonra başlamaq tövsiyə edilir. Bu zaman uşağın yaşına uyğun yumşaqlıqda fırça seçmək lazımdır (əsasən yumşaq fırça).

Əgər sağlam dişlərə sahib olmaq istəyirsinizsə, ağız qulluğuna diqqət yetirməli və mütəmadi olaraq diş həkiminin müayinəsindən keçməlisiniz.

Hazırladı: Rəna Kərimova

Prepared by  T-Soft E-Commerce.