Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 2 mq və ya 4 mq tizanidinə ekvivalent miqdarda tizanidin hidroxlorid (müvafiq olaraq 2,288 mq və ya 4,576 mq) vardır. Köməkçi maddələr:susuz кolloidal silisium dioksid, stearin turşusu, mikrokristallik sellüloza, susuz laktoza.
İstifadəsinə göstərişlər:
Ağrılı əzələ spazmı: - onurğanın statik və funksional xəstəlikləri ilə əlaqədar olan (boyun və bel sindromları) ağrılı əzələ spazmının müalicəsi; - cərrahi müdaxilədən sonra (məsələn, fəqərəarası diskin yırtığı və ya bud-çanaq oynağının osteoartrozu) ağrılı əzələ spazmının müalicəsi. Nevroloji xəstəliklər zamanı skelet əzələlərinin spazmı: - dağınıq skleroz, xronik mielopatiya, onurğa beyninin degenerativ xəstəlikləri, beyin qan dövranı pozğunluğu və serebral iflic kimi nevroloji xəstəliklər zamanı spastikliyin müalicəsi.
Əks göstərişlər:
Tizanidinə və ya dərman maddəsinin istənilən komponentinə qarşı yüksək həssaslıq; - Ağır qaraciyər çatışmazlığı; - Tizanidinin fluvoksamin və siprofloksasin kimi güclü CYP1A2 inhibitorları ilə yanaşı istifadəsi əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamilə qadınlarda Sirdalud®-un istifadəsi ilə əlaqədar çox az məlumat olduğundan, hamiləlik dövründə, potensial fayda mümkün riskdən üstün olan hallar istisna olmaqla, preparatın təyini məsləhət görülmür. Reproduktiv tədqiqatlar siçovullarda (3 mq/kq/gün dozada) və dovşanlarda (30 mq/kq/gün dozada) teratogenlik əks etdirməmişdir. Dişi siçovullarda 10- və 30 mq/kq/gün dozalar hamiləliyin müddətini uzatmışdır. Prenatal və postnatal döl itkisi artmış və inkişaf geriliyi müşahidə edilmişdir. Bu dozalarda dişi fərdlərdə əzələ zəifləməsi (relaksasiya) və sedasiyanın nəzərə çarpan əlamətləri təzahür edilmişdir. Bədən səthinə əsasən (BSA) bu dozalar insanlarda tövsiyə olunan 0,72 mq/kq/gün maksimal dozadan müvafiq olaraq 2,2 və 6,7 dəfə yuxarı olmuşdur. Tizanidin siçovullarda ana südünə cüzi miqdarda keçir. İnsanlara dair məlumat olmadığı üçün, Sirdalud® laktasiya dövründə istifadə olunmamalıdır. Sirdalud®-la müalicəyə başlamadan öncə hamiləlik testinin yoxlanması tövsiyə olunur. Reproduktiv potensiala malik qadınlar Sirdalud®-un heyvanlarla aparılan tədqiqatlarda inkişaf edən dölə zərərli təsiri barədə xəbərdar olunmalıdırlar. Reproduktiv potensiala malik qadınlara Sirdalud®-la müalicə müddətində və müalicədən sonrakı 1 gün ərzində effektiv kontraseptiv üsullardan istifadə etmək tövsiyə olunur. Fertillik Erkək siçovullarda 10mq/kq/gün və dişi siçovullarda 3 mq/kq/gün dozalarda fertilliyin pozulması müşahidə edilməmişdir. Erkək siçovullarda 30 mq/kq/gün və dişi siçovullarda 10 mq/kq/gün dozanın qəbulu zamanı fertilliyin azalması müşahidə edilmişdir. Sirdalud®-un insanlarda fertilliyə təsiri barədə məlumat yoxdur.
Sirdalud® dar terapevtik indeksə malik olduğu üçün və tizanidinin plazma konsentrasiyası xəstələr arasında kəskin fərqləndiyinə görə Sirdalud®-un dozası fərdi olaraq seçilməlidir. 2 mq aşağı başlanğıc dozanın təyini əlavə təsir riskini azalda bilər. Preparatın dozası xəstələrin fərdi ehtiyaclarına əsasən müəyyən edilməlidir. Sirdalud® tabletləri qida ilə və ya qida qəbulu olmadan da qəbul edilə bilər. Ağrılı əzələ spazmının yüngülləşdirilməsi üçün adətən gündə 3 dəfə 2-4 mq tablet təyin edilir. Ağır hallarda, əlavə olaraq (yaxşı olar ki, gecə yatmazdan əvvəl) 2-4 mq doza qəbul edilə bilər. Nevroloji pozulmalarda skelet əzələlərinin spazmı zamanı başlanğıc doza 3 qəbula bölünməli və 6 mq-ı keçməməlidir. Dozanı həftədə iki dəfə və ya hər həftə tədricən 2-4 mq-a qədər artırmaq olar. Adətən optimal terapevtik effekt 3 və ya 4 qəbula bölünmüş 12-24 mq gündəlik doza ilə əldə edilir. Gündəlik doza 36 mq-ı keçməməlidir. Ayrı-ayrı qrup xəstələrdə istifadə və dozalanma Pediatrik xəstələr 18 yaşdan aşağı uşaqlarda və yeniyetmələrdə dərman vasitəsinin istifadə təcrübəsi məhdud olduğu üçün bu qrup xəstələrdə Sirdalud® istifadəsi məsləhət görülmür. Yaşlı xəstələrdə istifadəsi (65 yaş və ya yuxarı) Sirdalud®-un yaşlı xəstələrdə istifadə təcrübəsi məhduddur. Bununla əlaqədar olaraq, müalicəyə ən aşağı doza ilə başlamaq tövsiyə edilir. Preparatın effektivliyi və dözümlülüyünə uyğun olaraq sonrakı dozalar tədricən (az-az) artırıla bilər. Böyrək funksiyasının pozulması Kreatinin klirensi < 25 ml/dəq olan xəstələrdə müalicəyə gündə bir dəfə 2 mq doza ilə başlamaq tövsiyə edilir. Doza dözümlülük və effektivliyə əsasən tədricən artırılmalıdır. Preparatın effektivliyini artırmağa ehtiyac yarandığı zaman ilkin olaraq gündəlik dozanın qəbul tezliyini deyil, preparatın dozasını artırmaq məsləhət görülür. Qaraciyər funksiyasının pozulması Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə Sirdalud®-un qəbulu əks göstərişdir. Sirdalud® əsasən qaraciyərdə metabolizm olunduğuna görə, bu populyasiyada istifadəsinə dair məlumatlar məhduddur. Sirdalud® istifadəsi qaraciyərin funksional testlərində göstəricilərin geriyə dönən kənaraçıxmaları ilə əlaqələndirilmişdir. Sirdalud® orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə edilməli və müalicəyə aşağı doza ilə başlanmalıdır. Dozanın artırılması ehtiyatla, dözümlülüyə uyğun olaraq aparılmalıdır. Müalicənin dayandırılması Əgər Sirdalud® preparatının qəbulu dayandırılmalıdırsa, o zaman doza tədricən titrlənməlidir. Bu, xüsusilə uzun müddət ərzində yuxarı dozalarda Sirdalud® qəbul edən xəstələrdə rikoşet hipertoniya və taxikardiya riskinin qarşısını almaq üçün vacibdir.